Bakı şəhərində “Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi” mövzusunda Beynəlxalq Konfrans keçirildi

Bakı şəhərində “Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi” mövzusunda Beynəlxalq Konfrans keçirildi


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı və Bayramlı Group MMC-nin dəstəyi ilə 16 aprel 2025-ci il tarixində Bakıda “Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi” mövzusunda beynəlxalq konfrans uğurla keçirilmişdir.


Konfransın əsas məqsədi autoimmun xəstəliklərin laborator diaqnostikasında tətbiq olunan müasir üsulların, eləcə də kliniki yanaşmaların tibb ictimaiyyəti ilə paylaşılması və bu sahədə beynəlxalq təcrübə mübadiləsinin təşviq edilməsi olmuşdur.


Tədbir çərçivəsində aparıcı mütəxəssislər tərəfindən maraqlı və elmi cəhətdən dəyərli məruzələr təqdim olunmuşdur. Revmatoloq, tibb üzrə fəlsəfə doktoru Şəhla Hadıyeva “Əsas revmatoloji autoimmun xəstəliklər” mövzusunda, qastroenteroloq Emin Verdiyev “Qaraciyər kodları: Autoimmun sirləri” mövzusunda, immunologiya üzrə mütəxəssis, uzm. Dr. Röyalə Babayeva isə “Birincili immun çatışmazlıq və autoimmun xəstəlik əlaqəsi” mövzusunda çıxış edərək, autoimmun xəstəliklərin mexanizmləri, diaqnostik çətinlikləri və klinik xüsusiyyətləri barədə ətraflı məlumat vermişlər.


Konfransın laborator diaqnostikaya həsr edilmiş hissəsində mikrobioloq, uzm. Dr. Aynur İsmayıl “Autoimmun xəstəliklərin laborator diaqnostika metodları: Diaqnoz qoymada laboratoriyanın rolu” mövzusunda çıxış edərək, laborator müayinələrin autoimmun xəstəliklərin diaqnozunda həlledici əhəmiyyətini vurğulamışdır.


Xüsusilə, seroloji diaqnostikanın praktiki və nəzəri aspektlərinə həsr olunmuş hissədə Ayten Öz Kamiloğlunun təqdimatı böyük maraqla qarşılandı. O, seroloji testlərin autoimmun xəstəliklərin aşkarlanmasında rolunu, düzgün test seçiminin diaqnozun dəqiqliyinə necə təsir etdiyini və bu sahədə laborator mühitdə qarşılaşılan məhdudiyyətləri geniş və əhatəli şəkildə izah etdi. Onun çıxışı, yalnız texniki biliklərin deyil, həm də klinik qərarvermənin laborator məlumatlarla necə də sıx bağlı olduğunu bir daha vurğuladı.


Tədbir həmçinin interaktiv müzakirələri əhatə edirdi ki, bu da həkimlər və mütəxəssislərin bilik və praktik təcrübə mübadiləsi aparmasına, eləcə də autoimmun xəstəliklərin diaqnostikasında mühüm məsələlərin aydınlaşdırılmasına imkan verdi.


Qeyd etmək lazımdır ki, üç günlük proqram Ayten Öz Kamiloğlu və Gizem Türközü Topak tərəfindən aparılan praktik təlim sessiyaları ilə başa çatdı və bu, konfransın tədris təsirini daha da möhkəmləndirdi.
:
E-Mail:
:           reload, if the code cannot be seen
: